Gözlənilən qar yağdı. Fevralın 5-ində gənc liderlər Oğuzun möhtəşəm mənzərəsi fonunda idman edib, səhər yeməyini yedikdən sonra əvvəlcədən planlanmış proqrama uyğun şəkildə təlimə qatıldılar. Günün qonaqları “İnformasiya Texnologiyaları: Sosial şəbəkələr, Elektron xəbər, Elektron biznes” mövzusu üzrə ekspertlər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Yumroo MMC”nin direktoru Anar Yolçuyev idilər. Axtarış sistemləri haqqında gənc liderlərin çoxsaylı suallarına cavab verən Anar Yolçuyev qış universitetinin sonunda qalib olacaq komandanın üzvlərinə Azərfon və Yumroo şirkətinin birgə proyekti olan “Yallı cavan” tarif paketinin hədiyyə veriləcəyini bildirdi.
Daha sonra “Kreativ menecment və gənclər” mövzusunda söhbətə başlayan “Yallı.az” Sosial Şəbəkəsinin Baş meneceri Mikayıl Məmmədov yaradıcı gənclərin ideyalarını həyata keçirməsi yolunda məsləhətlər verərək daha çox öz təcrübəsini iştirakçılarla paylaşdı.
Günün ikinci yarısında təlimçilər “İrəli” İctimai Birliyinin Ali və orta-ixtisas məktəbləri üzrə koordinatoru Vüsal Bəkirov və “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ramiz Məmmədli komanda ruhunun aşılanması və komandadaxili kommunikasiya vərdişlərinin artırılması üçün enercayzer oyunları keçirdilər.
