Fevral ayının 2-dən etibarən “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” layihəsi start götürdü.
İlk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də “Gənc Liderlər üçün Qış Universiteti”nin 100-dən çox iştirakçısı Fəxri Xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət etdi.
Daha sonra KİV təmsilçiləri üçün keçirilən brifinqdə “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirdi ki, “Gənc Liderlər üçün Qış Universiteti” Oğuz rayonundakı 5 ulduzlu “Afra” otelində 10 gün davam edəcək. Layihədə 110 nəfər gənc iştirak edir ki, bunlar arasında 10 nəfər KİV təmsilçiləridir. Bu müddət ərzində layihə iştirakçılarına natiqlik, liderlik, idarəetmə, biznesin qurulması, informasiya texnologiyalarından düzgün istifadə, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, müasir mədəni cərəyanlar, KİV sektorunda müasir tendensiyalar, Azərbaycançılıq fəlsəfəsi ilə bağlı mühazirələr keçiriləcək. Bundan başqa gənc liderlərlə dövlət xadimləri, nazirlər, millət vəkillərinin, o cümlədən xarici ölkələrdən Azərbaycana gələn nümayəndə heyətlərinin görüşləri təşkil olunacaq. Proqramın son günü gənc liderlərin şimal – qərb bölgəsindəki digər rayonlara səfəri gözlənilir.
Fevralın 2-si saat 11:00-da Bakıdan yola düşən gənc liderləri aparan kortej Oğuz rayonuna saat 15:00-da çatdı. Rayon mərkəzindəki 5 ulduzlu “Afra” otelinə yerləşən iştirakçılar qısa fasilədən sonra komandalara bölündülər və tanışlıq prosesi başladı. 10 gün boyunca gənc liderlər 4 komanda halında təlimlərdə iştirak edərək yeni biliklərə yiyələnəcək, eyni zamanda müxtəlif oyunlar çərçivəsində yarışacaqlar. Bunlar Uğur, Etimad, İnkişaf və Tərəqqi komandalarıdır. Şam yeməyindən sonra gənclər üçün tanışlıq proqramı həyata keçirildi. Bu tipli düşərgələrin formatı barədə daha aydın təsəvvürün yaranması məqsədi ilə layihə iştirakçıları Avqust ayında Qazaxda keçirilmiş Yay Universiteti filmini izlədilər.

